• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzindən  "Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində aprelin 24-də Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsert proqramı təqdim olunub. 
Konsertin bu dəfəki qonaqları xanəndələr Könül Məmmədli və Rövşən Əziz olub. 
Könül Məmmədli BMM-nin səhnəsinin ona doğma olduğunu vurğulayaraq muğam sənətində ona  dəstək olan və bu gün BMM-nin solisti kimi fəaliyyətində müəllimləri Xalq artistləri Səkinə İsmayılova, Əlibaba Məmmədov, Mənsum İbrahimov və Əməkdar müəllim Qəzənfər Abbasova təşəkkürünü bildirib. 
Rövşən Əziz layhənin təşkilatçılarına təşəkkür edərək xalqımızı evdə qalmağa çağırıb. Bildirib ki, evdəqal kampaniyasına töhfə Xalq artisti , tarzən Firuz Əliyevlə birgə sosial şəbəkələr üzərindən izləyicilərlə görüşə gəlir, musiqi töhfələrini ərməğan edirlər. 
Xanəndələr xalq mahnıları, təsniflər və bəstəkar mahnılarından ibarət repertuarla çıxış ediblər.  İfaçıları tarda Əli Əliyev, kamançada Fərrux Haşımlı, nağarada Vaqif Qasımov müşayət edib. 
Verilişdə həmçinin Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təqdim olunan “Azərbaycan aşıqları”, "XX əsr Azərbaycan Operetta İnciləri", "Sərhədsiz musiqi"  “Muğam ustadlari” və digər layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. 
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
 
24.04.2020