• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

İsveçrənin səfiri Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Fevralın 6-da İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. Səfir BMM-nin direktoru , Xalq artisti Murad Hüseynovla görüşüb. Direktor qonağı səmimi qəbul edərək BMM-nin fəaliyyəti və yaranma tarixi barədə məlumatı diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Bildirib ki, milli –mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir. Direktor həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan səfir xanım əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ilə bağlı fikirlərini bölüşüb. BMM ilə İsveçrə musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusuna toxunan səfir əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb. Səfir xanım həmçinin BMM -nin solistləri olan gənc xanəndlirin ifasından ibarət konsert proqramını izləyib, Azərbaycan muğam sənəti haqqında dolğun məlumat əldə edib.

Qeyd edək ki, xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin prioritet istiqamətlərindən biridir. Bu günə kmi BMM-nin "Etnomusiqi inciləri" çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.

Bu silsilədən qarşllıqlı razılaşmaya əsasən Frankofoniya həftələri çərçivəsində 2020-ci ilin aprel ayının 10-da Beynəlxalq Muğam Mərkəzində İsveçrə səfirliyinin təşkilatçılığı ilə Le Roi Angus Cenevrə musiqi qrupunun konserti olacaq. Bu qrup Avropa, Şimali Amerika və Çindəki uğurlu çıxışlardan sonra Cənubi Qafqaz bölgəsində ilk konsertlərini verəcəklər. Qrupun musiqi üslubunu fransızsayağı musiqi ilə Amerikanın altmışıncı illərinin rokunun qarışığı təşkil edir.

06.02.2020